Azərbaycan ötən il hansı ölkələrdən NƏ ALIB?


2023-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 193 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 121 ölkəyə məhsul ixrac olunub, 184 ölkədən idxal olunub.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən bildirilib.


Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 44868,5 milyon ABŞ dolları təşkil edib.


Ticarət dövriyyəsinin 27583,2 milyon dollarını və ya 61,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 17285,3 milyon dollarını (38,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 10297,9 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2022-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 20,2 faiz, real ifadədə 5,6 faiz azalıb. İdxal real ifadədə 1,9 faiz artıb, ixrac isə 8,2 faiz azalıb.             


2023-cü ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə 3,9 faiz artaraq 3348,0 milyon dollar təşkil edib.  


Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 30,6 faizi İtaliya, 14,9 faizi Türkiyə, 8,5 faizi Rusiya, 6,1 faizi Çin, 3,6 faizi Almaniya, hər biri 2,8 faiz olmaqla İsrail və Hindistan, 2,7 faizi Yunanıstan, 1,8 faizi ABŞ, hər biri 1,7 faiz olmaqla İspaniya və Gürcüstan, hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq, Türkmənistan və Çexiya, 1,3 faizi Rumıniya, 1,2 faizi Xorvatiya, hər biri 1,0 faiz olmaqla Fransa, Bolqarıstan və İran, hər biri 0,9 faiz olmaqla Vyetnam və Yaponiya, 11,0 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.


İxracın 44,9 faizini İtaliyaya, 15,8 faizini Türkiyəyə, 4,1 faizini İsrailə, 4,0 faizini Yunanıstana, 3,6 faizini Hindistana 3,5 faizini Rusiyaya, 2,7 faizini Almaniyaya, 2,3 faizini İspaniyaya, 2,2 faizini Gürcüstana, 2,0 faizini Çexiyaya, 1,8 faizini Rumıniyaya, 1,7 faizini Xorvatiyaya, 1,4 faizini Bolqarıstana, 1,3 faizini Birləşmiş Krallığa, 1,1 faizini İrlandiyaya, 1,0 faizini Vyetnama, 0,9 faizini Portuqaliyaya, hər biri 0,5 faiz olmaqla İsveçrə və Avstriyaya, 4,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.



Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,3 faiz), Türkiyəyə (23,4 faiz), Gürcüstana (9,9 faiz), İsveçrəyə (5,2 faiz), Qazaxıstana (2,8 faiz), Türkmənistana (2,5 faiz), Ukraynaya (2,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (2,1 faiz), Qırğızıstana (1,8 faiz), Rumıniyaya (1,3 faiz), Özbəkistana (1,3 faiz), İtaliyaya (1,3 faiz),  Latviyaya (1,2 faiz), Almaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.



Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 17,5 faizi Çin, 13,3 faizi Türkiyə, 5,3 faizi Almaniya, 5,1 faizi ABŞ, 4,0 faizi Türkmənistan, 2,8 faizi İtaliya,  2,7 faizi İran, hər biri 2,5 faiz olmaqla Yaponiya və Koreya, 2,3 faizi Fransa, 2,0 faizi Birləşmiş Krallıq, 1,9 faizi Belarus, 1,4 faizi Ukrayna, hər biri 1,2 faiz olmaqla Qazaxıstan, Braziliya və Hindistan, 0,9 faizi Polşa, hər biri 0,8 faiz olmaqla Vyetnam və Özbəkistan, 12,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.


2023-cü ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,1 faiz, təzə tərəvəz – 5,8 faiz, meyvə və tərəvəz şirələri – 44,2 faiz, meyvə və tərəvəz 3   konservləri – 17,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 5,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 46,2 faiz, polipropilen – 65,9 faiz, polietilen – 24,8 faiz, mineral gübrələr – 0,6 faiz, sement klinkerləri – 13,9 faiz, pambıq ipliyi – 29,7 faiz, bentonit gili – 6,3 faiz artıb, kartof ixracı isə 9,1 faiz, şəkər – 42,2 faiz, bitki yağları – 30,5 faiz, tütün – 55,9 faiz, çay – 58,9 faiz, pambıq lifi – 7,6 faiz, emal olunmamış alüminium – 23,3 faiz, qara metallardan çubuqlar – 16,4 faiz, qara metallardan borular – 18,4 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalıb. 


2022-ci illə müqayisədə 2023-cü ildə unlu qənnadı məmulatları idxalı 9,7 faiz, şokolad və şokolad məhsulları – 11,8 faiz, mal əti – 72,5 faiz, təzə tərəvəz – 6,9 faiz, siqaretlər – 71,7 faiz, minik avtomobilləri – 28,4 faiz, polad prokatı – 28,9 faiz, qara metallardan borular – 64,1 faiz, hesablama maşınları, blok və qurğuları – 13,3 faiz, rezin şinlər – 16,7 faiz, yük avtomobilləri – 42,2 faiz, sintetik yuyucu vasitələr – 9,6 faiz, mebellər – 13,8 faiz, polietilen – 22,9 faiz, mineral gübrələr – 32,7 faiz, paltaryuyan maşınlar – 38,2 faiz, qara metallardan çubuqlar – 4,7 faiz, qara metallardan künclüklər – 28,3 faiz, polipropilen – 42,7 faiz, məişət soyuducuları – 51,4 faiz artıb, buğda idxalı isə 9,1 faiz, xam şəkər – 19,7 faiz, bitki yağları – 15,0 faiz, təzə meyvə – 0,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 10,6 faiz, çay – 5,1 faiz, kartof – 12,7 faiz, quş əti və onun əlavə məhsulları – 16,0 faiz, dərman vasitələri – 1,2 faiz, məişət kondisionerləri – 4,3 faiz, avtobuslar – 60,8 faiz, sement – 25,3 faiz azalıb.

Tarix: 15-02-2024, 15:18
Baxış sayı: 120







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər