Mənə intim təkliflər edib, əmr verirlər - Faiq Ağayev


Xalq artisti Faiq Ağayevin Kult.az-a müsahibəsini təqdim edirik:


- Faiq bəy, təhsilinizi aktyorluq üzrə almısınız. Niyə davam etmədiniz?


- Əslində, indiyə kimi davam edirəm. Konsertlərim, kliplərim, hər çıxışım bunu təsdiqləyir. Hə, bəlkə dramatik aktyor kimi yox, amma ixtisasıma görə musiqili teatr aktyoruyam, o istiqamətdə realizə etdim özümü.


- Yəni kliplərdə aktyorsunuz?


- Bəli. Rejissorlar məni aktyor kimi görmür nədənsə. Buna da, məncə, iki səbəb var. Ya məni aktyor kimi özləri üçün kəşf edə bilmirlər, ya da qonorarımdan qorxurlar.


- Bəs Faiq Ağayev müğənni olmasa, kim olardı?


- Həkim. Natamam təhsilimə görə elə həkim olmalı idim. Tibb Universitetinə daxil olmuşdum, özü də məhz cərrah olacaqdım. Amma yenə də təbibliyimdə qalmışam. Həkimlər bədənləri xəstəlikdən xilas edirlərsə, mən insanların əzilmiş ruhlarının müalicəsinə kömək edirəm.


- Sosial şəbəkə istifadəçiləri bir ara sizi Milli Məclisdə görməyi istəyirdilər. Siz özünüz bunu istəyirsiniz?


- Mən onsuz da siyasətçiyəm. Siyasətim - musiqidir, sevgidir, mərhəmətdir. Milli Məclisdə kifayət qədər ləyaqətli, işini, peşəsini doğru görən deputatlar var, lakin heç biri çağırışı ilə mənim qədər adam toplaya bilməz.


- Onda bu onların zəif olduğuna işarə deyil?


- Qətiyyən, siyasətin öz özəllikləri var, sənətin öz. Onlar beyinə, ağıla müraciət edir, mən isə könüllərə, ürəklərə.


- "İstənilən deputatdan güclüyəm" demişdiniz. Yenə elə düşünürsünüz?


- Bayaq dedim də, sabah elan etsəm ki, konsert verəcəyəm, minlərlə insan gələcək. Amma Milli Məclis üzvü desə ki, siyasi platformamı eşitmək üçün gəlin filan yerə, inanmıram ki, o qədər adam gələ. Bu mənada - bəli, özümü deputatlardan güclü sayıram.


- Parlament seçkiləri olsa, namizədliyinizi verəcəksiniz?


- Hazırda planlarım solo konsertlə, yeni mahnılarla bağlıdır. İndilik başqa bir fikrim yoxdur.


- Bəs deputat olsanız, səlahiyyətinizdə dəyişmək olsa, musiqi sahəsində nəyi dəyişərsiniz? Məsələn, senzura istəyərsiniz nədəsə?


- Hüquqi dövlətdə hər şey qanunlarla tənzimlənir. Yaradıcılıq azadlığı var, sırf istəyimizə görə, lap bayağı olsa da, mahnıları qadağan edə bilmərik. Bunu media, televiziya və radiolar özü həll etməlidir. Məsələn, bayağı oxuyanları dəvət etmə. Əlbəttə, anlayıram, xeyli reytinq gətirir, amma mümkün olan tək mübarizə yolu budur.


- Bəs dəvət etməmək də senzura deyil?


- Dəvət edib-etməməyə qadağa yoxdur. Dəvət edirsənsə, ən azından bayağı danışmağa imkan vermə. Oxusun, danışmasın.


- Faiq Ağayev üçün sənətdən vacib nə var? Hansı halda səhnədən gedər?


- Sənətdən vacib anam var, amma səhnədən heç bir halda getmərəm. Daha dəqiq, sənətdə olmaq mənə maraqsız olsa, gedəcəm.


- Amma sevgiyə görə getdiyinizi demişdiniz...


- Hə, o heç, cavanlıq səhvim idi (gülür). Yarım il uzaqlaşdım səhnədən, amma gördüm ki, sənətsiz özüm özümə maraqsızam.


- Ananız desə, son qoy sənətə, bəs onda necə?


- Anam heç vaxt deməz elə. Başlanğıcda qadağa qoymuşdu, amma sonra gördü ki, düz qərar deyil. O, həm ən böyük tənqidçim, həm də ən böyük pərəstişkarımdır. Anam tutarlı bir səbəb gətirib, desə ki, sənətdən get, bu barədə düşünərəm.


- Sizdə nəyi tənqid edir?


- Məsəlçün, deyə bilər ki, kaş filan sözü efirdə deməzdin. Hər dəfə efirdən sonra zəng edir, müzakirə edirik, geyimdən danışığa qədər. Allaha dua edirəm ki, bu məsləhətləri uzun illər eşidim.


- Faiq bəy, siz həm də intellektiniz, ədəbiyyata olan marağınıza görə seçilirsiniz. Daha çox hansı janrda kitablar oxuyursunuz?


- Sizə bir sirr açım, düz 4 ildir, kitab oxumuram. Bilmirəm həyatımda nə mərhələdi, amma uzaq düşmüşəm kitabdan. Sonuncu oxumağa başladığım "Şantaram"dır.


- Çingiz Abdullayevi bəyənməyən adamlar çoxdur. Deyirlər, detektiv, xüsusi ilə onun detektivləri yaxşı deyil. Siz isə onu çox bəyənirsiniz.


- Mən ümumiləşdirmənin əleyhinəyəm. Bir qisim insanın Çingiz Abdullayevdən xoşu gəlməyə bilər, amma bu o demək deyil ki, hamı ona qarşıdır. Elmi araşdırmalara görə okeanda ən səs-küylü canlı krevetdir. Çingiz Abdullayevə haqsız olaraq irad bildirənlər mənimçün o okeanda səs salan krevetlərdir. İnsanların çoxu məlumatsızdır, adamları tanımadan, bilmədən, nə gəldi, necə gəldi danışırlar. Adicə bir xəbər çıxır, başlığı oxuyurlar, məqalənin içidəkilərinə baxmadan söyürlər, lağ edirlər. Məsələn, xəbər çıxıb ki, "Faiq Ağayevə sərt qadağa: Bütöv toyları oxumayacaq". Girib, məqaləni oxumayacaqlar ki, bütöv toylara qadağanın səbəbi nədir, niyə belə edir Faiq Ağayev? Əslində, indi məclislərdə ancaq yarım saat oxuyuram. Çünki irimiqyaslı layihəyə hazırlaşıram, səsimi qorumalıyam.


- Deyəsən, bu da anons oldu, hə?


- Aha, elə oldu. Elə buradan deyim, hazırlaşın, konsertlər baş tutacaq.

- Faiq bəy, müasir Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?


- Nəzərə alaq ki, mən rus bölməsini bitirmişəm, məktəb, universitet zamanı Azərbaycan dilində olan ədəbiyyata maraq göstərməmişəm. Ancaq 25 yaşdan sonra oxumuşam onları. Ordubadidən tutmuş Ramiz Rövşənə, Anara, Cəlil Cavanşirə, Qan Turalıya, rus dilində yazan Nərminə Məmmədzadəyə qədər. Feysbuk dostlarımdan Nadir Yalçının yazıları ilə tanışam, sizi oxumuşam. Belə, bu cür. Çoxdur, sosialdan çox oxuyuram yazıları, məqalələri. İndi hamısı yadıma düşmür müəlliflərin, üzrlü saysınlar. Bir az pis səslənsə də, üzdə olanları oxumuşam. Amma şadam ki, yeni format yaranıb ədəbiyyatda. Qəbul etdiklərim və etmədiklərim var.


- Faiq bəy, bəs gənc musiqiçilər necə, onlardan da qəbul etmədiyiniz var?


- Əgər söhbət təmsil etdiyim estrada, pop musiqisi haqda gedirsə, yoxdur eləsi. Bir də görürsən ki, yaşlılar cavanlara səbəbsiz irad tutur. Özü, məcazi desək, "ehtiyatda"dır, neçə ildir fəaliyətdə deyil, heç bir yenilik etmir. Faktiki olaraq, döyüşdə deyil, amma hücüma keçir. Keyfiyətli işlərinlə cavab ver, örnək ol. Yoxsa ki, ehtiyatda olan yazıçı, musiqiçi boş yerə irad tuta bilməz.

- Bəs əxlaqi iradlar?


- Əxlaq iradı bacarıqsızların ən son sığınacağıdır. Bütün dünyada Vaqneri inkar edirdilər Hitlerə görə. Amma kainat boyda sənətkardır. İrad bildirdiklərim mənimlə eyni janrda çalışanlardır ki, onu da təkbətək edirəm.

Deyirəm ki, toy mahnısı yazdırdın? Əla, gözəl, çörəkli olsun! Amma birini də sənət üçün yazdır.


- Bəs gənclər yaşlılara irad bildirəndə? Məsələn, bir gənc musiqiçi Faiq Ağayevi tənqid etsə?


- Faiq Ağayevi tənqid edirsə, Faiq kimi iş görə bilməlidir. Məsələn, kimsə desə ki, buna bax e, zalı doldurmadı - onu gərək bacara bilən desin. Amma "mənim qədər et, nəsə iş gör, sonra irad bildirərsən" demək, "staj" davasıdır sadəcə.


- Kifayət qədər tanınan müğənnisiniz.


- Kifayət qədərdən də çox (gülür).


- Sosial şəbəkədə də kifayət qədər aktivsiniz. Necə düşünürsünüz, bunun ziyanı nədir? Məşhurluğu nəzərə alsaq, insanlardan qəribə mesajlar alırsınızmı?


- Mən xalq artisti adını "xalqın artisti" kimi qəbul edirəm. "Əsl sənətkar əlçatmaz olar" fikrini qəbul etmirəm. Bir dəfə kimsə demişdi ki, həyətə çıxmıram ki, birdən məni görərlər. Mən əzəldən mağazaya da gedirəm, kiçikmiqyaslı salonlarda da çıxış edirəm. Mənim üçün hər yer səhnədir - Rusiyada çıxış etdiyim 45 min yerlik Olimpia stadionu da, Bakıda 50 nəfərlik məclis də. Bu mənada əlçatan olmağa çalışıram. Feysbuk dostlarımın ad günü olanda təbrik edirəm. Sosial şəbəkələr sənətin insanlara yaxınlaşması üçün xidmət göstərir. "Səhnədə olanda mənə yaxınlaşa bilmirsiniz, amma sizin yanınızdayam" deməkdir.


- Bəs qəribə mesajlar necə?


- Doludur. Xüsusi ilə də İnstaqramda.


- Məsələn...


- İntim təklif edənlərdən "gəl təhsil haqqımı ödə" əmr edənlərə qədər. Elə bil, nəsə alıb-edəndə məndən soruşub, indi də mənə "ödə" deyir.


- Faiq bəy, haqqınızda çox iddialar olub. Geyimizdən, hərəkətlərdən, görünüşünüzə qədər. Narahat olursunuzmu? Biri deyir qaş alır, biri deyir belə geyinir.


- Qətiyyən narahat deyiləm. İnsan bilmədiyinin düşmənidir və nəyə inanmaq istəyirsə, ona da inanır. Haqqımda mənfi danışan adamlar məni tanısa, bilərlər ki, yanlış hərəkət edirlər. Haqsızcasına ünvanıma küfr edənlər küçəyə atılan siqaret kötüyü kimidir mənim üçün, qaragüruhdur.


- Zamanla adınız şou-biznes adamları ilə qalmaqallarda da hallanıb. Amma özünüz efirdə təkzib edirsiniz. Aygün Kazımova ilə rəqabət davam edir?


- Təkzib etmirəm, əksinə, deyirəm ki, bizim yabalaşan zamanlarımız olub. O da, mən də 35 ildir səhnədəyik. Bu qədər zamanın cəmi 8-9 ilini dalaşmışıq. Bu da ona görə ki, iki qoçun başı bir qazanda qaynamaz.


- Yəni, sizin rəqibinizdir?


- Yox, rəqib deyilik, çünki ayrı cinslərik. Aygünlə müasir pop musiqisinin baniləriyik. İndiki sağlam musiqiçilər bizim qurduğumuz qaydalarla hərəkət edirlər ki, mahnı, klip, konsert və bunların üzərindən qurulan işlər uğura aparır. Qalmaqal da olsa, məişət qalmaqalı yox, məhz sənət qalmaqalı olmalıdır. İndiki halda səhnə cameəsi bir-biri ilə abırsız şəxsi qalmaqallar salanda, gülməyim gəlir. Onlarınkı qalmaqal yox, çayxana-salon söhbətləridir.


- Toylara da gedirsiniz, özü də çox. Sizcə, toy sənəti öldürmür?


- Qətiyyən. Qədimdən bizim xanəndələrimiz - Cabbar Qaryağdıoğlundan tutmuş Əlibaba Məmmədova kimi, pulu toydan qazanıb. Mən toya gələndə, məclisə özümlə konsert gətirirəm. İnsanın daxili düzgündürsə, toy ona mane ola bilməz. Biz haradansa pul qazanmalıyıq axı.


- Cabbar Qaryağdıoğlu dediniz. O bir dəfə demişdi ki, səsim batmasın deyə 50 yaşıma kimi evlənmədim...


- O vaxt belə inanclar var idi. Bir misal gətirim, İncəsənət Universitetinə daxil olanda müəllimlərimdən biri demişdi ki, 5 il siqaret, içki, cinsi əlaqə arzuolunmazdır - vokalçısan, səsinə ziyandı. Amma görünür ki, bu tələblərə tabe olmadan da fəaliyət mümkündür. Hər şeyin qədərini bilmək vacibdir. Yeri gəlmişkən, səsi qorumağın bir yolu da elə davamlı oxumaqdır.


- Faiq bəy, birdən səsiniz batsa necə? Heç olmasa, Niyam Səlami kimi bir obyektiniz varmı?


- Çox təəssüf, yoxumdur, yeganə gəlir yerim musiqidir. Çox istəyərdim olsun. Amma bacarmıram, tacirlik damarım yoxdur. Yaxın ətrafım deyir ki, hər şey sənin səs tellərinə bağlıdır, bir təhlükəsizlik yastığın olsun. Bəlkə də Sovet insanlarının təfəkküründəyəm ki, sonuna kimi sənət məni dolandıracaq. Hələ ki, maşallah, dolandırır. Həmkarlarımın çoxunun, göz dəyməsin, turizm şirkətləri, restoranları, salon və mağazaları-filan var. Bu çox əladır. İraq olsun, səsim batsa, oxuya bilməsəm, dərs deyərəm, prodüser olaram, inzibati işlərlə məşğul ola bilərəm.


- Musiqidə və ümumən qırmızı xəttiniz nədir?


- Birmənalı şəkildə tərbiyəsizlik. Elementar etika qaydaları var - danışıq tərzi, davranış forması, özünü aparmaq bacarığı. Bunlar çox vacib məsələlərdir, hamı riayyət etməlidir.


- Sizdə sanki bir az eqoizm də var. Bir "mən-mən" ədası sərgiləyirsiniz.


- Çalışıram ki, əksinə, "mən-mən" deməyim. Çünki əvəzimə danışan nəaliyyətlərim var. Amma ümumi götürsək, sənət eqo sahəsidir. Eqosuz insan sənətdə uğur qazana bilməz. Lakin bunun da formaları var. Bir var eqo, biri də xudbinlik - "oyyy, görün kim gəlir, mən gəlirəm, mənəm, ən çox mən, mən beləyəm, eləyəm" ədası. Bunlar fərqlidir.


- Məsələn, rəhmətlik İlhamə Quliyeva belə idi...


- İlhamə xanım sənəti olub da, kəskin danışanlardan idi, hər şeyi üzə deyirdi. Mən onu bu cür qəbul edirdim. Allah rəhmət eləsin. Heç kimi şəxsi xüsusiyyətlər müstəvisində qiymətləndirmirəm. Yəni, birinci sənətinə baxıram.


- Məsələn, Flora Kərimovanı necə?


- Onu da, gözəl sənətkardır. Mənə onun mahnıları vacibdir, şəxsi həyatı, prinsipləri yox.


- Sənət adamlarından çox vaxt tələb edirlər ki, az qala hər məsələdə ortaya mövqe qoysunlar.

Haqlıdırlar?


- Xeyr. Bu, hər kəsin şəxsi məsələsidir. Kim istəsə, nəyəsə fikir bildirər, kim istəməsə - bildirməz. Mən hər şeyi sənətimlə bildirirəm, işim budur, başqa nələrəsə ehtiyac duymuram. Məsələn, siyasi mövqe qoymaq üçün siyasətçilər var. Mənim siyasi mövqeyim sənətdir, sevgi-məhəbbətdir...

Tarix: 28-04-2024, 13:56
Baxış sayı: 365







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər