Son illər Ermənistanın dövlət borcu kəskin şəkildə artıb. Tək bu il xarici borclara xidmətlə bağlı xərclərin iki milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Bu rəqəm ötən illə müqayisədə 500 milyon dollar çoxdur.
Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan müxtəlif sahələrdə, xüsusən də sosial sektorda yeni proqramlar vəd etsə də, fiaskoya uğrayıb. Ölkədə yoxsulluq və dövlət borcu hər il artan templə inkişaf edir, əhalinin sosial durumu isə günü-gündən ağırlaşır. Hakim partiyanın vəd etdiyi heç bir layihə uğur qazana bilmir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Artan yoxsulluq
Ermənistan statistika idarəsinin məlumatlarına görə, 2023-cü ildə ötən illərlə müqayisədə ölkədə yoxsulluq indeksində kəskin artım müşahidə edilib. Əgər 2018-ci ildə yoxsulluq səviyyəsi 23.5 faiz idisə, keçən ilin nəticələrinə görə bu göstərici artıq 24.8 faizə çatıb. Baş nazirin orta aylıq əməkhaqqının artması ilə bağlı arzuları da çürük çıxıb. Məlum olub ki, sadəcə bir-iki sektorda əməkhaqqının ciddi artımı ümumi tendensiyaya təsir edib, minimum əmək haqqında isə artım müşahidə edilməyib. İnflyasiya aşağı gəlirli insanların real gəlirlərini də azaldıb.
İnflyasiya artmaqda davam edir
Paşinyan hökuməti beş ildir ki, bütün seçkiöncəsi platformalarda əhalinin vəziyyətinin yaxşı olacağına söz versə də, tam əksi müşahidə edilir. Məsələn, Ermənistanda bu gün əhalinin 60 faizindən çoxu faktiki olaraq adambaşına düşən minimum istehlak səbətinin dəyərindən də az qazanır. Hazırda Ermənistanda minimum əməkhaqqı 75 min dramdır. Minimum yaşayış səbəti isə 80 min dram təşkil edir. İnflyasiya isə artmaqda davam edir, orta pensiya həddi minimum istehlak səbəti dəyərindən iki dəfə azdır.
Pafoslu pensiya vədi
Paşinyan cari il yanvarın əvvəlində hökumət iclasında pensiyaları iki dəfə artıracağına söz verib. Amma hökumətin bunu hansı üsulla yerinə yetirəcəyi məlum deyil. Ermənistanın hazırkı durumunda bu, artıq pul çapı və yüksək inflyasiya hesabına həll edilə bilər. Çünki real gəlirlər azalır, sosial cəhətdən imkansız olanlar daha da kasıblayır. Kasıblayanların sırasına aztəminatlılar, işləyən yoxsullar, yoxsulluğa görə müavinət alanlar və pensiyaçılar daxildir.
Əslində yoxsulluğu aradan qaldırmağın əsas üsullarından biri iş yerlərinin yaradılmasıdır. Qeyd etmək yerinə düşər ki, Ermənistan iqtisadiyyatında xarici faktorun yaratdığı müvəqqəti iqtisadi artım var və bunun nəticəsində xidmət, ticarət sahələrində tələbin yaratdığı iş yeri imkanları zaman-zaman ortaya çıxır. Fəqət, bu davamlı olmadığı üçün sabun köpüyü kimi şişərək partlayır. Hazırda xarici faktorun azalması artım tempini zəiflədir və açılan iş yerləri də bağlanır.
Real sektor ölümcül vəziyyətdədir
Ermənistan iqtisadiyyatında real sektorun ölümcül vəziyyətdə olduğu da göz önündədir. Kənd təsərrüfatı və sənaye sahələrində artım nəzərə çarpmır. Bu da öz növbəsində sosial vəziyyətə təsir edir. Bu sahələri təşviq etmək üçün isə müxtəlif vergi güzəştləri, müəyyən proqramlar həyata keçirilməlidir. Amma bu gün şahidi oluruq ki, vergi güzəştləri ləğv edilir, vergi yükü artır. 2024-cü il üçün İqtisadiyyat Nazirliyi 7 faizlik iqtisadi artım proqnozlaşdırıb. Görünən odur ki, bu, sadəcə bir utopiyadır və gəlir-xərc nisbətində erməni iqtisadiyyatında ciddi çətinliklər olacaq.
Artan dövlət borcu
Son illər Ermənistanın dövlət borcu da hökumətin götürdüyü böyük borclar səbəbindən kəskin şəkildə artıb. Eyni zamanda, xarici borclara görə xidmətlə bağlı xərclər də kəskin şəkildə artmaqda davam edir. Tək bu il xarici borclara xidmətlə bağlı xərclərin iki milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Bu rəqəm ötən illə müqayisədə 500 milyon dollar çoxdur. Ehtimal edilir ki, cari ildə erməni dövlətinin borcu 655 milyard dram artaraq 5.3 trilyon drama, yəni 13 milyard dollara çatacaq. Son beş il ərzində mövcud hakimiyyət beş milyard dollar borc götürüb.
Paşinyan hökumətinin maliyyə fırıldağı
Borcu ödəmək üçün əvvəllər valyuta borcları ancaq xaricdən götürülür, beynəlxalq maliyyə təşkilatlarından kreditlər alınırdı. Son illər isə daxili bazardan həm dramla, həm də xarici valyuta ilə borclar alınır. Bunun üçün isə, xarici valyuta istiqrazları buraxılır və bu da sonradan valyuta borcuna çevrilir. Bu tendensiya xaricdən alınan kreditdən baha başa gəlir. Ehtimal edilir ki, bunun səbəbi xaricdən ucuz qiymətə kredit verənin olmamasıdır. Nəticədə Paşinyan hökuməti daha yüksək faizlə daxildən pul tədarük edir. Artıq daxili bazardan alınan valyuta 500 milyon dollar həddini ötüb. Bu məbləğ üçün faizlər tək cari ildə 72 milyon dollar təşkil edəcək. Ümumilikdə valyuta borclarına xidmət üçün dövlət büdcəsindən 716 milyon dollar ödəniləcək. 1.2 milyard dollar isə daxili borcun ödənilməsi üçün nəzərdə tutulub.
Yuxarıda sadalananlardan göründüyü kimi, Paşinyan hökuməti ölkəni borc bataqlığına sürükləyib. Ucuz xarici kreditlər bahalı daxili borcla əvəz edilib. Son üç ildə dövlət borcunun orta faiz dərəcəsi 2.7 faiz bəndi artım göstərib. Bu bəndin 7.2 faizə çatacağı proqnozlaşdırılır. Büdcənin talanması, yerli icra hakimiyyəti orqanları və müəyyən iri ranqlı məmurlar tərəfindən həzm-rabedən keçirilməsi, xalqın günü-gündən yoxsullaşması fonunda Paşinyanın ağızdolusu sosial islahatlardan, proqramlardan danışması, pensiyaları iki dəfə artıracağı barədə vədləri artıq gülünc görünür.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər