“Hələ də qohum-qonşunun təsiri ilə ildə bir dəfə dünyaya uşaq gətirən ailələr var. Düşünürlər ki, uşağın ruzisini Allah verər, ya da dövlətdən sosial yardım almaqla övladımı saxlaya bilərəm. Ancaq dünya dəyişib. Uşağa təkcə çörək, paltar verməklə kifayətlənmək olmaz. Uşağı yaxşı vətəndaş və sivil insan kimi formalaşdırmaq üçün ona yaxşı ali təhsil vermək, dünya görüşünü formalaşdırmaq üçün muzeyə, kitabxanaya, teatrlara, konsertlərə aparmaq, sağlamlığı üçün müəyyən addımlar atmaq lazımdır. İndiki dövrdə isə kasıb olmasan belə, orta təbəqədən şəxslər üçün də bu cür imkan yoxdur.
Hər kəs işləyir və bir gün belə işdən qalmaq olmur”.
Bu fikirləri Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan Əbilov bildirib.
Onun sözlərinə görə, müasir dövrdə, qiymətlərin hər gün bahalaşdığı vaxtda 3-dən çox uşaq dünyaya gətirmək doğru deyil:
“Əksər ölkələrdə sadalanan cəhətlərə çoxdan fikir verirlər və bir mərhələ olaraq bu, keçilib. Orta və yuxarı təbəqələrdə, intellektual ailələrdə uşaq sayı 1, yaxud 2 olur. Elə ailələr də var ki, 3 uşaq istəyirlər. Əslində ailədə uşağın az olması da problemdir. Amma çoxuşaqlı olmaq da hazırkı dövrdə normal qəbul edilmir. Çünki planetimiz kifayət qədər yüklənib, təbii resurslar artıq bitmək üzrədir. Bu baxımdan əhalinin artımında müəyyən planlaşma var. Digər tərəfdən isə, ailədə uşaq dünyaya gəlməməsi də problemdir, ona görə ki, gələcəkdə bu cəhətdən demoqrafiq problem ortaya çıxa bilər. Bütün bu kimi məsələlər dünyanın beyin mərkəzləri tərəfindən xüsusi işlənir, araşdırılır. Optimal variant isə beynəlxalq təşkilatlara təqdim edilir.
Ailə cəmiyyətin elə bir özəyidir ki, burada olan problemlər istər-istəməz bütövlükdə dünyanın gedişatına təsir edə bilər. Mental dəyərlərdə isə Azərbaycanda uşaqlarla bağlı müxtəlif fikirlər mövcuddur. Təəssüflər olsun ki, 3,4,5, hətta 8 uşağı olan, ancaq onların heç birinə şəxsiyyət vəsiqəsi almayan, təhsili ilə məşğul olmayan çox məsuliyyətsiz valideynlər var. Bu valideynlər nə özləri işləyir, nə də evləri var. Qaynana-qaynata evində qalıb hər il dünyaya uşaq gətirən ailələr var. Sonra atırlar dövlətin üstünə ki, mən sənin üçün əsgər dünyaya gətirmişəm və bu əsgəri dolandırmalısan. Bəli, vətəndaş dünyaya gəlibsə, dövlət onunla məşğul olur, bu və digər dərəcədə 120-ə yaxın sosial müavinətlər verir. Amma bizim valideynlərin çoxu işsizdir, çalışmaq istəmirlər və uşaqpuluna göz dikiblər. Bu səbəbdən təklif etmişdik ki, uşaq pulu yox, uşaq kuponları olsun.
Həmin kupon hesablarında olan vəsait uşaqların qidalanması, təhsili, sağlamlığı üçün nəzərdə tutulsun.
Təcrübədə var ki, Məşğulluq Agentliyi tərəfindən bir sıra kasıb ailələrə özünəməşğulluq proqramı çərçivəsində öz bizneslərini qurmaq üçün xırda və iribuynuzlu heyvanlar, müxtəlif avadanlıqlar verilib. Bu şəxslər onları satıb-yeyiblər, ancaq yenə də çalışmaq istəmirlər. “Uşağın ruzisini Allah verər” düşüncəsi ilə yaşayan insanlar cəmiyyət üçün müxtəlif problemlər yaradırlar. Onlar anlamırlar ki, xəstə uşaqdan normal əsgər, hərbçi ola bilməz. Hazırda isə Azərbaycana hərbçidən çox, mühəndislər, İT sahəsində biliyi olan şəxslər, faydalı beyinlər lazımdır. Onları formalaşdırmaq isə bahalı təhsildən asılıdır. Dövlət hər bir şəxsin təhsili üçün 10 min manatdan çox vəsait xərcləyir. Amma xərclənən pullar hara gedir? Valideynlər övladlarını məsuliyyətsizlik edib oxutmamaqla, onların uşaqlarının təhsili üçün nəzərdə tutulan dövlət dəstəyini göyə sovuran məmurlarla birləşmiş olurlar”.
Ekspert məsuliyyətsiz valideynlərin cinayət məsuliyyətinə cəlb edilməsini təklif edir:
“Sadalanan problemlərin həlli üçün maarifləndirmə vacibdir. Amma daha başqa bir üsul isə məsuliyyətsiz valideynlərin cinayət məsuliyyətinə cəlb etməkdir. Bu tipdə ağır cəzalar olmalıdır ki, hər bir valideyn öz üzərinə düşən öhdəliyi yerinə yetirsin. 10 yox lap 15 uşaq da dünyaya gətirsən, onun məsuliyyətini daşıya bilmirsənsə, sağlamlığına, təhsilinə önəm vermirsənsə, qanun tərəfindən nəzərdə tutulan cəzalardan qorxmalısan. Bu qədər problemin içində cəmiyyətə yük olan ailələr və əhali artımı bizə lazımdırmı? Bu sual artıq Avropada cəmiyyətində yoxdur. Onlar artıq bilirlər ki, bir və iki uşaq kifayətdir. Bu uşaqlardan isə sonra dövlət və cəmiyyət faydalı formada istifadə edə bilir. Bizdə isə bu yoxdur. İctimai qınaq, ictimai təsir, məsuliyyətsiz valideynlərin inzibati məsuliyyətə cəlb olunması yolları ilə bu problemin həllində müəyyən dərəcədə irəliləyiş əldə etmək olar”.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər