Azərbaycan üçün arzuolunmaz plan – “1997-ci il ssenarisi işə düşür”


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüşün keçiriləcəyini bildirib. Onun sözlərinə görə, burada Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. Tədbir həm də Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıyır.


Aİ və ABŞ-ın Ermənistana dəstək siyasəti yürütməsinin səbəbi nədir?


Mövzunu şərh edən politoloq Sultan Zahidov deyib ki, Azərbaycanın iştirak etmədiyi, 2023-cü il Qranadada Avropa Siyasi sammiti çərçivəsində baş tutan görüşdəki bəyanatda gələcəkdə Ermənistan, ABŞ və Aİ-nın birgə görüşünün keçiriləcəyi qeyd edilmişdi:


“Aprelin 5-də baş tutacaq görüş Qərbin Ermənistanı öz tələsinə saldığını göstərir. Qərb hər vəchlə çalışır ki, 1990-cı illərdən etibarən irəli sürdüyü “Rusiyanın mühasirəsi və Rusiyaya yaxınlaşmaq” siyasətini həyata keçirsin. Bu siyasət çərçivəsində NATO-nun qısa müddət içərisində Rusiya sərhədlərinə genişlənməsi baş vermişdi və bu gün də təzahürlərini görürük. 2008-ci ildə Gürcüstanda, ardınca Ukraynada baş verən müharibələr buna nümunədir. Rəsmi Moskva üçün regionda ən böyük “Damokl qılıncı” NATO-dur. 2008-ci ildə Gürcüstan Alyansa qoşulmaq haqqında razılığını bildirdi və nəticədə Rusiya Gürcüstanın iki ərazisini işğal etdi. Ukrayna da eyni siyasəti yürütdüyünü açıqladıqdan sonra rəsmi Moskva Kiyevə qarşı oxşar addım atdı. Bu gün Ukraynanın 20 faiz torpaqları işğal altındadır. Bənzər ssenari Ermənistanı da gözləyir. İrəvan bütün istiqamətlərdə Moskva əleyhinə addımlar atır”.




Politoloqun fikrincə, baş tutacaq görüş Rusiya-Qərb geosiyasi rəqabəti kontekstindən dəyərləndirilməlidir:


“Hələ 1997-ci ildə ərsəyə gələn “Böyük şahmat taxtası” əsərində də Zbiqnev Bjezinski vurğulayırdı ki, Rusiyanı zəiflətmək üçün ABŞ post-sovet məkanında ən strateji nöqtələrdə söz sahibi olmalıdır. Həmin strateji nöqtələrə Cənubi Qafqaz, Mərkəzi Asiya və Ukrayna aiddir. Ukraynada müharibə gedir, Cənubi Qafqazda Aİ və NATO-nun fəallığı müşahidə edilir. Ötən həftə NATO Baş katibi Yens Stoltenberqin bölgəyə səfəri də göstərir ki, Alyans regionda təsir dairəsini genişləndirməkdə maraqlıdır. Hətta İrəvana səfəri çərçivəsində iki tərəf arasında “fərdi mənimsənilmiş tərəfdaşlıq” proqramı imzalandı. Bu o deməkdir ki, Ermənistan NATO ilə əməkdaşlığını daha da intensivləşdirmək istəyir. Rusiyanın isə prosesdən narazı qalacağı məlumdur”.


Sultan Zahidovun sözlərinə görə, Qərbin Ermənistana xüsusi sevgisi yoxdur:


“Bu, Qərbin Rusiyaya qarşı yürütdüyü mühasirə siyasətinin davamıdır. Məqsəd Moskvanı regionda daha da zəiflətmək, Putinin devrilməsinə nail olmaqdır. Azərbaycan isə həm Rusiya, həm də Qərblə normal münasibətlərin saxlanılması xəttini yürüdür. Proqnozlaşdırılan Üçüncü Dünya müharibəsi baş verərsə və Azərbaycan hər hansı tərəfin yanında yer alarsa, qarşı tərəfin hədəfinə tuş gələ bilər”.

 

Tarix: 22-03-2024, 16:13
Baxış sayı: 243







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər