Bakıətrafı ərazidə universitet şəhərcikləri tıxacları azalda bilərmi?

 

Bakıətrafı ərazidə universitet şəhərciyi yaradılsa, nəqliyyat sıxlığı azalacaqmı?


Universitet şəhərcikləri yeni bir hadisə deyil - təhsil məkanlarının kampusları dünya təcrübəsində 18-ci əsrdən populyarlaşmağa başlayıb. Belə ki, dünyanın bir çox böyük universitetləri əvvəlcə kampuslar formatında yaradılıb və burada akademik korpuslar, yataqxanalar və digər infrastruktur obyektləri birləşdirilib. Məsələn, Oksford və ya Bolonya Universitetləri ənənəvi kampusun klassik nümunələridir. Hazırda dünyada Böyük Britaniya, Fransa, ABŞ-nin kampus modelləri effektiv forma kimi diktə edir. Belə ki, şəhərciklər təhsil, elm, innovasiya və biznesi vahid məkanda lokallaşdırmaqla yüksək təhsili və iqtisadi artımı təşviq edir.




Mütəxəssislərin fikrincə, dünya səviyyəli kampuslar, ilk növbədə, təhsilin ixracında mühüm amildir.

Artıq bizdə də Bakıətrafı ərazidə yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan layihədə Bakı ətrafında universitet şəhərciyinin yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində bır sıra universitetlərin Bakıdan kənara köçürülməsi də istisna deyil.

“Kaspi” qəzeti mövzu ilə bağlı sahənin mütəxissislərinin fikirlərini öyrənib.


Regionlarda da universitet şəhərciyi

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı hesab edir ki, Baş planda universitet şəhərciyi barədə bəndin yer alması əhəmiyyətlidir: “Təbiidir ki, əgər universitet şəhərciyi yaratmaq nəzərdə tutulursa, bu, şəhərdən kənarda olacaq. Şəhər daxilində universitet şəhərciyinin yaradılması nə qədər real görünür? Universitet şəhərcikləri dünyanın bir çox qabaqcıl ölkələrində var və bunun yaxşı nümunələri ABŞ-də və Türkiyədə mövcuddur. Məsələn, son bir neçə ildə Türkiyədə Ardahan Universiteti üçün tikilən şəhərcik az qala böyük bir rayon mərkəzinin ərazisini əhatə edir.


Bu şəhərcikdə hər şey var: tədris korpusları, tələbə yataqxanaları, kitabxanalar, müəllimlərin yaşaması üçün mənzillər və s. Hətta elə universitet şəhərciyi var ki, orada işıqforlar quraşdırılıb, bir korpusdan digərinə tələbə və müəllimləri daşımaq üçün avtobuslar hərəkət edir. Yəni, tələbə və müəllimlər şəhərcikdən çıxmadan bütün zəruri məsələləri həll edə bilirlər. Bütün bunlar təhsilin keyfiyyətinə təsir göstərən başlıca amillərdir”. M.Qasımlı hesab edir ki, təkcə Bakıda deyil, digər şəhərlərimizdə də universitet şəhərciyi yaradılmalıdır: “Məncə yaradılacaq Qarabağ Universiteti Azərbaycan ali təhsilinin yeni bir modeli olacaq”.

 

“Bizdə Universitetlərin çoxu səs-küylü yerlərdədir”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rüstəm Kamalın sözlərinə görə, universitet şəhərciyinin yaradılması ideyası şəhərin infrastrukturunu və urbanist fəlsəfəsini dəyişir: “Müşahidələrimə görə, universitet şəhərcikləri avtonom məkanda, yaşıl vadidə yerləşir. Universitet özünün bütün infrastrukturu ilə orada fəaliyyət göstərir. Təbii ki, bu, universitetlərin böyüməsinə də imkan verəcək. Bu baxımdan, orada tələbə kontingentinin sayı da çox olmalıdır. Əgər bir universitetdə 20-25 min tələbə yoxdursa, ondan hansı şəhərcik qurmaq olar?”.


Professorun fikrincə, bu layihə həmçinin şəhərlərin inkişafına da imkan yaradacaq: “Xankəndidə universitet fəaliyyət göstərsə, onun şəhərciyi də olsa, ora tələbələr axışar. Həmin universitet tanınmış olmalıdır ki, dünyanın hər yerindən ora oxumağa gəlsinlər və şəhərcik yaransın. Tələbənin çox olması, eləcə də alim və müəllimlərin çoxluğu universitetin statusunu da, ab-havasını da dəyişər. Belə balaca şəhərlərdə universitet yaratmağa dəyər. Çünki bizdə universitetlərin çoxu səs-küylü yerlərdədir. Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində xüsusən yayda səs-küydən, maşın siqnallarının səsindən dərs keçmək olmur. Tələbələrin də fikri çöldə qalır. Amma Tübingen Universiteti Almaniyanın balaca şəhərində, Tartu Universiteti də Estoniyanın kiçik şəhərində, yaşıl vadidə yerləşir. Hər iki şəhər universitetlərinin adı ilə tanınır. Bizdə də universitetlərin yaranması şəhərlərin nüfuzunu qaldırar. Universitet şəhərciyi həm də Azərbaycan ali təhsilini pərakəndəlikdən qurtarar”. Professorun fikrincə, bir neçə universiteti bağlayıb bir universitet strukturuna daxil etmək olar. Belə ki, bu, universitetin mərkəzləşməsinə və təmərküzləşməsinə gətirib çıxarar, həmçinin müxtəlif ixtisasdan olan tələbələrin bir məkanda təhsil almasına imkan verər: “Təsəvvür edin, bir şəhərcikdə gələcəyin mühəndisi, bəstəkarı, jurnalisti, filoloqu görüşür”.  


Kampus formatında olan universitetlər

Təhsil eksperti Asif Cahangirov da universitet şəhərciyi ideyasını dəstəkləyir: “Universitetlərin şəhərdən kənarda yerləşdirilməsi və bir şəhərcik halında birləşməsi beynəlxalq təcrübədir. Kampus formatında olan universitetlərdə təhsilin keyfiyyəti yüksək olur. Bu formatda tələbələrin mükəmməl təhsil alması üçün zəruri laboratoriyalar, zəngin və 24 saat işləyən elektron kitabxana, tələbələrin əyləncəsi, idmanla məşğul olmaları üçün müxtəlif növ infrastrukturun yaradılması mümkündür”.


Ekspert hesab edir ki, universitet kampusları Bakının mərkəzində nəqliyyat sıxlığının aradan qalxmasına səbəb olacaq. Bu baxımdan, universitet şəbəkəsi təkcə paytaxtda cəmləşməməli, həmçinin bir sıra regionlarda da belə şəhərciklər yaradılmalıdır: “Bu, gənclərin regionlarda da kampus şəraitində təhsil almalarına yol açar. Digər tərəfdən, həmin ərazilərin sosial-iqtisadi inkişafı, şəhərlə kənd arasında fərqin azaldılması baxımından da faydalı olar”.


“Kaspi”

Tarix: 4-02-2024, 01:02
Baxış sayı: 165







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər